kapazpfc.az saytının “Tam sərbəst” adlı rubrikasının növbəti qonağı Davud Kərimidir. Bu rubrika vasitəsilə oxucular qolkiperin futboldan kənar fikirləri ilə tanış olmaq imkanı əldə edəcək. 

Beləliklə, bizimlə tam sərbəst olan qapıçını eşidək:

Bir millət, iki dövlət

Türkiyə mənim sevdiyim, dəyər verdiyim ölkələr arasında xüsusi yer tutur. Bir ara qardaş ölkədə oynadığımdan ora mənə daha da doğmalaşıb. Türkiyədə Fəthiyə şəhərində yaşamışam. Bu şəhər Muğla bölgəsində yerləşir, tanınmış istirahət zonalarından biri, dəniz kənarında yerləşən kurort şəhərçiyidir. Orada bazanın otelində qalırdım, müqaviləyə əsasən mənim üçün kirayə ev tutulmalı, avtomobil verilməli idi. Lakin ailəmi aparmadığımdan bunlara lüzum qalmadı. Doğmalarımdan uzaqda olduğum üçün çətin olsa da, Türkiyədə hər şey ürəyimcə idi. Həm futbol, həm də yaşayış sarıdan. Dilimiz, dinimiz birdir, eyni millətik. “Biz qardaşıq” deyib məni özlərindən ayırmırdılar, azərbaycanlılara qarşı böyük hörmət gördüm. Özümü qonaq kimi hiss etmirdim, mənə qarşı olduqca mehriban idilər. Deyim ki, Fəthiyədə iki azərbaycanlı ailəsi yaşayırdı, onlarla da əlaqəm vardı. İş-güc olarsa, Türkiyədə qalıb yaşamağa dəyər. Qismət olsa, gələcəkdə ailəmi ora aparıb mənim gördüklərimi onların da görməsinə şərait yaradacağam.  


Uşaqlar dünyanın sevincidir    

Ailə mənim üçün hər şeydən öndə durur, ailəm mənim həyatımın, yaşamağımın stimuludur. Mənim ailəm mənim dayağım, vuran ürəyimdir. Həqiqətən də ailəyə çox bağlı insanam, yaxınlarımı, doğmalarımı çox sevirəm. Övladlarımla nəfəs alıram, Allah hamının balasını saxlasın. İki uşağım var, biri oğlan, digəri qızdır. Sonuncunun 10 yaşı olacaq, oğlumun isə 4 yaşı var. 22 yaşımda ailə qurmuşam. Razıyam ki, tez evlənmişəm. Bunun da səbəbi var. Atamgil Göyçayda yaşayır, mən isə 17 yaşımdan sonra Bakıda nənəmin yanında qalmışam, mənə o, baxıb. İndi dünyasını dəyişib, məni çox sevərdi. Onun istəyi, xeyir-duası ilə ailə qurmuşam, amma deyim ki, özümün sevib-seçdiyim xanımla evlənmişəm. Bu gün gənc yaşda ailə qurduğum, övlad sahibi olduğum üçün qətiyyən peşman deyiləm. Tam səmimi deyirəm, idmançı olduğum üçün razıyam, tez evlənmişəm. Deyirlər ey “subaylıq sultanlıqdır” yalandır (gülür). Evə yorğun, əsəbi gəlirsən, o ki uşaq adamın üstünə yüyürür, gülür bütün dərdi-qəmi unudursan. Həmin vaxt adam dünyanın ən xoşbəxti olur.    

Gəl, ay müştəri

Kişi işləməli, ailəsini dolandırmağı bacarmalıdır. Futbolla peşəkar səviyyədə məşğul olmamışdan öncə ticarət sahəsində işləmişəm deməyək, sadəcə, atama kömək etmişəm. Atam rayonda bu sahədə çalışıb və müəyyən işlərdə onun yanında olub, dəstək vermişəm. O, xəstə olanda və ya başqa bir işi çıxanda yerini tutmuşam. Ailəmə kömək olmuşam. Belə bir məşhur məsəl var – kişi daşdan da çörəkpulu çıxarmalıdır. Pis işlərdən uzaq olmaq şərti ilə bütün sahələrdə çalışmaq olar, mən bunda ayıb bir şey görmürəm. Düzdü, biznesdə adamın əli pulla oynayır (gülümsəyir), amma mənimki bu deyil. Uşaq vaxtlarımdan futbol məndə maraq yaradıb, atam Göyçayın “Çinar” komandasının qapıçısı olub, məşqçisi kimi çalışıb. İllər keçdikcə atam məni biznesdən ayırıb tam futbola istiqamətləndirdi. Futbolçu ömrü qısadır, ola bilər ki, karyeramı başa vurduqdan sonra biznesə başlayım. Hər bir insanın bacardığı ikinci sənəti olmalıdır. 

Oyunçu aparsın

Stolüstü oyun növlərinə marağı olan insanlardanam. Domino, nərd, stolüstü tennis, bilyard, dama kimi oyun növlərini oynamağı bacarıram. Yalnız şahmat oynaya bilmirəm. Boş vaxtlarda dostlarla, tanışlarla bir yerə yığışıb baş qatırıq. Yəqin ki, çox adam asudə vaxtını belə oyunlarla keçirir. Dominonu yaxşı bacarıram, domino “xəstəsi”yəm demək olar (gülür). Lap elə əla yox, amma özüm üçün normal oynayıram. Məndən də yaxşı oynayanlar var. Bildiyiniz kimi, dominonun daha çox populyar olan bir neçə növü var. Bunlardan “101” və “Telefon”un adını çəkmək olar. Başqaları nədənsə maraqlı gəlmir. Təkbətək və ya cüt şəklində oynayırıq, sözün düzü 4 nəfərə oynayanda mübarizə daha maraqlı və gərgin keçir. Adət var ki, həmişə uduzan daşları qarışdırır. Çox vaxt qalib gəlirəm, uduzduğum hallarda qarışdırmalı oluram. Qapıçı olduğum üçün bəzən mənə söz ataraq “əlin yaxşı yekədir” və “bəlkə əlcəklərini də gətirəsən” deyə zarafat edirlər.                       

Sehrli qutu 

Məişət avadanlıqları arasında televizorun öz yeri var. Bu gün televiziya insan həyatının ən ayrılmaz hissəsinə çevrilib. Yəqin ki, indi gündə bir dəfə də olsa, televizora baxmayan insan yoxdur. Məşqdən yorğun gəlib evdə istirahət edən adamın köməyinə televizor çatır. Xaricdə keçirilən oyunlara, maraqlı verilişlərə, bədii filmlərə, konsertlərə tamaşa edirəm. Desəm ki, seriallara baxmıram, yalan olar. Yerlilərə bir o qədər də baxmıram, əsasən türk serialları marağımı çəkir. Bu gün əksəriyyətinin tamaşa etdiyi yüksək reytinqli “Qara sevda” və “Cəsur və gözəl” seriallarıdır. Ssenariləri maraqlıdır, aktyorlar da rollarını məharətlə oynayırlar. Bir zamanların ən reytinqli serialı olan “Qurdlar vadisi”nə də baxmağı xoşlayırdım. Bu serialda mafiyadan tutmuş siyasətə kimi hər şeydən bəhs olunurdu. Sadəcə, çox uzatdılar, baş rolun ifaçısı dəfələrə yaralandı, öldü, dirildi. Vaxtında serialı bitirsəydilər, yaxşı olardı. Amma elə düşünülməsin ki, hər şeyi seriala qurban vermişəm, əsla. Efirdə futbol göstərsinlər, mən mütləq oyuna baxacağam. 

 

 

Son oyun

16/04/2017 - 16:00

Kəpəz
2:0

Qəbələ
Gəncə şəhər stadionu

Növbəti oyun

23/04/2017 - 17:00

AZAL
-:-

Kəpəz
AZAL Arena