Şəhriyar Rəhimov: “Komandanın Gəncədə olması bizim də ürəyimizcədir”


Topaz Premyer Liqasının XXIII turunda “Qarabağ”la qarşılaşacaq “Kəpəz” artıq oyunun hazırlığını yekunlaşdırıb. Çempionatın lideri ilə görüş öncəsi komandanın kapitanı Şəhriyar Rəhimov kapazpfc.az saytına açıqlama verib. Müdafiəçi uğurlu nəticəyə kökləndiklərini deyib: “Qeyri-adi formada hazırlaşmamışıq, digər oyunlara necə məşq etmişiksə, “Qarabağ”a qarşı da elə hazırlıq keçmişik. Azarkeşdən tutmuş futbolçuya kimi hamı yaxşı nəticə qazanmağa çalışır. Amma əvvəlcədən proqnoz vermək olmaz. Bilirik ki, güclü rəqibə qarşı oynayacağıq. Maksimum nəyi bacarırıqsa, onu da meydançada edəcəyik. Xal və ya xallar qazanmağa çalışacağıq. Doğma meydanda, azarkeşlərimizin önündə oynayacağıq. Bu, bizim üstünlüyümüzdür. Amma digər tərəfdən minlərlə azarkeşin önündə çıxış etmək elə də asan məsələ deyil. Çünki istər-istəməz yaxşı mənada təzyiq olur. Çalışırsan ki, fanatlar komandadan narazı qalmasınlar. Gəncədə futbolu çox sevirlər, “Qarabağ”la matç ajiotaj yarada biləcək oyundur. İnşallah, futbolsevərlərimizi məyus etməməyə çalışacağıq”.

Əvvəlki görüşlərlə müqayisədə son iki oyun üçün “Kəpəz” əsas hazırlığı Gəncədə keçirib. Rəhimovun fikrincə, komandanın Nizami yurdunda daha çox olması onların xeyrinədir: “Komandada 3 ildir ki, çıxış edirəm. Bu vaxta kimi Gəncəyə oyundan 3-4 gün öncə gəldiyimiz olmamışdı. Bu, çox sevindirici haldır. Sizə bir şeyi deyim, bu yaxınlarda doğum günümü qeyd edirdim. Azarkeşlərin məşqdən sonra məni meydanda təbrik etməsi, tort alıb otelə gəlməsi sürpriz oldu. Hətta oyunda da gül dəstəsi ilə təbrik etdilər. Söhbət hədiyyədən yox, diqqətdən gedir. Belə məqamlar futbolçuya xoş gəlir. Bu onu göstərir ki, nəticələrə baxmayaraq Gəncədə bizi sevirlər, hörmət edirlər. Burada olanda zəng edib qonaq çağırırlar. Azarkeşlərin hər birinə təşəkkür edirəm. Komandanın Gəncədə olması bizim də ürəyimizcədir. “Kəpəz”in doğma şəhərə köçməsi çox vacibdir”.


14.04.2018 05:03

Axırıncı xəbərlər →

Son oyun

12/05/2018 - 19:00

Zirə
2:1

Kəpəz
Zirə İdman Kompleksinin stadionu

Növbəti oyun

20/05/2018 - 17:15

Kəpəz
1:2

Neftçi
Gəncə şəhər stadionu