Şəhriyar Rəhimov: “Son oyun uşaqlara güc verdi”


“Neftçi” ilə oyunda əldə etdiyimiz bir xal olsa da, bu xalı qazanmaq bizim üçün çox vacib idi. Çünki bu, bizə inamı qaytaracaq. Psixoloji cəhətdən özümüzə gəlmək, motivasiya qazanmaq üçün xal lazım idi”. Bu sözlər “Kəpəz”in kapitanı Şəhriyar Rəhimova məxsusdur. kapazpfc.az saytına açıqlamalar verən futbolçu daha sonra sözlərinə belə davam edib: “Əsas odur ki, uduzmadıq. Çempionata pis başlamışdıq. Ardıcıl iki matçda məğlub olmuşduq, ona görə bizim üçün çətin idi. Amma son oyun uşaqlara güc verdi, toparlanmağı bacardıq”.

 

Rəhimov “Neftçi” ilə oyunun prinsipiallığından da danışıb: “Oyunun digər tərəfdən əhəmiyyətini də yaxşı başa düşürdük. Bilirik ki, “Kəpəz” ilə “Neftçi” arasında əzəli rəqabət var. Uzun illərdir ki, rəqabət davam edir. Səfərdə oynamağımıza baxmayaraq qalib gəlmək istəyirdik. Lakin sonda bir xalla kifayətlənməli olduq”.

 

Kapitan “sarı-göylər”in ilk iki turdakı məğlubiyyətinə şərh verərək səbəblərdən danışıb: “İlk turlarda rəqiblərlə açıq futbol oynadıq və bu, bizə baha başa gəldi. Daim hücumda olub qollar vurmaq istədik, amma çətinliklə üzləşdik. Rəqiblər bizi əks-hücumda tutub istədikləri nəticəni qazandılar. Bu səbəbdən də son matçda qapalı oynamağa çalışdıq. “Neftçi” qol vəziyyətlərini uzaq məsafələrdən zərbələrlə yaradırdı. Davud Kərimi isə mövqeyində inamlı çıxış edib səhvsiz oynadı”.

 

Milli komandaların Dünya Çempionatı-2018-in seçmə mərhələsinin oyunları səbəbdən çempionatda fasilə yaradığından “Kəpəz”in futbolçuları hələlik istirahət edirlər. Yorğunluğu üzərlərindən atmağa çalışan oyunçular məşq prosesində var gücləri ilə tapşırıqları yerinə yetirəcəklər. Şəhriyar Rəhimov da fasilənin komandaya müsbət təsir edəcəyini bildirib: “Növbəti tura kimi vaxtımız var. İndi istirahət edirik, məşqlərə daha gümrah çıxacağıq. Fasilə dövründən yaxşı yararlanıb, çatışmayan cəhətlərimizin üzərində işləyəcəyik. Baş məşqçimiz Şahin Diniyev vəziyyəti təhlil etməklə öz tapşırıqlarını verəcək. Fasilə öncəsi son görüşdə məğlub olmadan istirahətə yollanmağımız da üstünlüyümüzdür. Çünki əhval-ruhiyyəmiz bir az düzəlib. İnşallah, qarşıdakı oyunlarda uğurlu nəticələr qazanmağa davam edəcəyik”.

 


28.08.2017 13:03

Axırıncı xəbərlər →

Son oyun

23/09/2017 - 17:30
1:0

Kəpəz
Dalğa Arena

Növbəti oyun

29/09/2017 (All day)

Kəpəz
-:-

Qəbələ
.