Şəhriyar Rəhimov: “Yaxşı oynamaq bizə xal qazanmaq baxımından heç nə vermir”


“Hazırlığımız qaydasında gedir. Vəziyyətimizə görə hər oyun bizim üçün böyük önəm daşıyır. Bir xal belə qızıla bərabərdir”. Bu sözləri kapazpfc.az saytına əsas komandanın kapitanı Şəhriyar Rəhimov söyləyib. Təcrübəli müdafiəçi Topaz Premyer Liqasının XVIII turunda qarşılaşacaqları “Səbail”lə oyun haqda danışarkən belə deyib. Şəhriyar daha sonra sözlərinə belə davam edib: “Paytaxt klubu ilə görüş bizə həm xal qazanmaq, həm də üzərimizdəki psixoloji gərginliyi atmaq baxımından bir şansdır. Niyyətimiz qalib gəlməklə xal ehtiyatını artırmaqdır. Qələbə bizim üçün qarşıdakı oyunlara yaxşı motivasiya ola bilər. Bununla komanda özünə inamı qaytaracaq”.

“Kəpəz” qış fasiləsindən sonra çempionatda keçirdiyi hər üç matçda minimal hesabla uduzub. “Neftçi”, “Keşlə” və “Qarabağ”la görüşlərdə “sarı-göylər” qapısından bir top buraxıb. Komanda oyun baxımından yaxşı oynasa da, qol imkanlarından lazımınca istifadə edə bilməyib. Rəhimovun fikrincə, qol vura bilsələr, vəziyyəti düzəltmək mümkün olacaq: “Hər üç matçda yaxşı mübarizə aparmışıq. Hətta “Qarabağ” kimi rəqibə asanlıqla uduzmadıq. Amma yaxşı oynamaq bizə xal qazanmaq baxımından heç nə vermir. Biz xallar toplamalıyıq. Oyunumuzda yalnız qol çatışmır. Vəziyyətlərdən maksimum şəkildə yararlansaq, komanda üçün yaxşı nəticələr qazana bilərik. Hər şey özümüzdən asılıdır. Qol vəziyyətlərinin üzərində çox çalışmalıyıq ki, ələ düşən fürsətlərdən dəqiqliklə yararlana bilək”.

Yeri gəlmişkən, “Qarabağ”la son qarşılaşma Şəhriyar Rəhimov üçün əlamətdar olub. 29 yaşlı müdafiəçi Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib. 11 çempionatda 5 klubun şərəfini qoruyan Rəhimov ən çox meydana “Kəpəz”in heyətində (78 oyun, 6 qol) çıxıb: “Açığı, oyun sayından xəbərsiz idim, təxmini bilirdim. Sonra PFL-in açıqladığı məlumatda gördüm. Əsas olan çıxış etdiyin komandaların nəticəsidir. Əlbəttə, bir tərəfdən 200-cü oyuna çıxmaq xoşdur. Yubileydir, neçə illərdir ki, çempionatda oynayıram. Digər tərəfdən, indi məni daha çox Gəncə klubunun nəticələri maraqlandırır. Çünki vəziyyət bunu tələb edir. Onu da deyim ki, “Kəpəz” mənim üçün doğma komandaya çevrilib. 3 ildir ki, buradayam, daimi oynayıram. 78 oyun keçirmişəm, çalışacam ki, daha çox oynayım və komandaya xeyir verim”. 

 


02.03.2018 15:34

Axırıncı xəbərlər →

Son oyun

12/05/2018 - 19:00

Zirə
2:1

Kəpəz
Zirə İdman Kompleksinin stadionu

Növbəti oyun

20/05/2018 - 17:15

Kəpəz
1:2

Neftçi
Gəncə şəhər stadionu