“Kəpəz”in futbolçularının bayram təbrikləri və arzuları


31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramına bir gün qalıb. Görəsən, “Kəpəz”in əsas komandasının futbolçuları əlamətdar bayramlarda xalqımıza, eləcə də özlərinə nə arzulayırlar? Bu sualla “sarı-göylər”in bəzi üzvlərinə müraciət etdik.

 

Şəhriyar Rəhimov: “İlk öncə bütün azərbaycanlıları təbrik etmək istəyirəm. Bizim üçün ən əsası həmrəy olmaqdır. Xalqımıza əmin-amanlıq arzulayıram. İnsanlarımız xoş günlər keçirib mehriban yaşasınlar. Təqvimdə köhnə il yerini yeni ilə təhvil verir. Ümid edirəm ki, 2018-ci il hamımız üçün uğurlu alınacaq. Xüsusən də “Kəpəz”in uğurlu çıxışına ümid bəsləyirəm. Bunu hamımız istəyirik. 2017-ci ilin sonları bizim üçün yaxşı keçmədi. Azarkeşləri sevindirə bilmədik, inşallah, gələn il “Kəpəz”in ili olar. Əsas arzularımız budur. Bunun reallaşması üçün çox çalışmalıyıq. Şəxsi planda demək olar ki, bütün arzularım həyata keçib. Nə istəmişəmsə, qismət olub. İndi ön sırada komandamızdır”.

 

Tural Rzayev: “Hamını bayramlar münasibətilə təbrik edirəm. Həmrəy olmalı, birlik içərisində yaşamalıyıq. Yeni il yeni arzular, yeni istəklər deməkdir. Bizim əsas istəyimiz “Kəpəz”in uğursuzluğa son qoymasıdır. 2018-ci ildə komandamızın yenidən qələbələrlə azarkeşləri sevindirməsinə çalışacağıq. Bütün gücümüzü bunun üçün səfərbər edəcəyik. İnşallah, hər şey yaxşı olacaq. “Kəpəz”in heyətində daha yaxşı oynamaq və bununla da komandanın liderlərindən biri olmaq istəyirəm. Əsas arzum “Kəpəz”ə faydalı olmaqdır. Özümə həm də cansağlığı, zədəsiz mövsüm arzu edirəm. İdmançı üçün əsas zədə almamaqdır. Pul da həyatda vacibdir (gülür), amma canın sağlam olmasa, pul qazana bilməzsən”.

 

Şəhriyar Əliyev: “Əsas xoşbəxtlik və cansağlıdır. Həmyerlilərimə ilk növbədə bunu arzulayıram. Təbii ki, biz oyunçuların əsas arzusu çıxış etdiyim “Kəpəz” ilə bağlıdır. Hər bir futbolçu komandasına uğur qazandırmaq istəyir. Düzdür, indiki halda bizim medal əldə etməyimiz imkansız görünür. Amma ən azından çempionatda bizə yaraşmayan yerdən xilas olmaq üçün gücümüzü birləşdirməliyik. İnşallah, bu mövsüm olmasa da, gələn çempionat daha yaxşı şəkildə çıxış edib arzumuzu reallaşdırarıq. Mənim futbolla bağlı arzularımdan da biri milliyə dəvət almaqdır. Hər bir futbolçu bunu arzulamamış olmaz. Müxtəlif yaş qrupları üzrə yığmalarda oynamışam. İndi əsas millidə oynamağın vaxtı çatıb. Mənim oynayıb-oynamamağımdan asılı olmayaraq yığma komandamıza uğurlar arzulayıram. Şəxsi planda isə gələn il ailə həyatı qurmağı planlaşdırıram. Məncə, artıq evlənməyin, subaylığa əlvida deməyin zamanıdır”. 

 

 


30.12.2017 20:42

Axırıncı xəbərlər →

Son oyun

22/04/2018 - 17:00

Səbail
1:1

Kəpəz
Bayıl Arena

Növbəti oyun

28/04/2018 - 18:00

Qəbələ
-:-

Kəpəz
Qəbələ şəhər stadionu