“Kəpəz” rəhbərliyi azarkeşlərlə görüşdü


“Kəpəz” Peşəkar Futbol Klubunun rəhbərliyi ilə azarkeşlər arasında növbəti görüş keçirilib. Gəncə şəhər stadionunda reallaşan yığıncaqda komandanın son çıxışları əsas müzakirə mövzusu olub.

Azarkeşlərin önünə klub rəsmilərindən Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu, icraçı direktor Cabir İbrahimov və fanklublarla iş üzrə əlaqələndirici Elmar Əliyev çıxıb. Müxtəlif fanklubların 50-yə yaxın üzvünün qatıldığı toplantıda əsas diqqət komandanın qış fasiləsindən sonra Topaz Premyer Liqasında uğursuz iştrakına yönəlib.  

 

Təxminən 2 saat davam edən görüş fikir mübadiləsi ilə qızğın müzakirələrə səbəb olub. Azarkeşlər çoxsaylı suallarla klub rəsmilərinə müraciət ediblər.  Rəhbərlik fanatları maraqlandıran mövzular barədə fikirlərini bölüşüb, birlikdə təhlillər aparılıb. Eyni zamanda futbolsevərlərə komandanın düşdüyü çətin vəziyyətdən çıxarmaq üçün görülən işlərlə bağlı məlumat verilib.

 

Görüşün sonunda klub rəhbərliyi komandanın azarkeşlərlə bir ailə olduğunu və onların da sayəsində “sarı-göylər”in bu durumdan çıxacağına inandığını bildirib. “Kəpəz”in əvvəlki əzəmətini özünə qaytarması yönündə fanatların xüsusu rol oynadığı vurğulanıb.

 

Azarkeşlərlə keçirilən görüşlə bağlı “Kəpəz” PFK-nın Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu kapazpfc.az saytına açıqlama verib: “Bilirsiz ki, “Kəpəz” klubunun rəhbərliyi həmişə azarkeşlərlə görüşlərə üstünlük verir. Çünki komandamızın azarkeşləri ötən mövsüm say çoxluğu, kütləviliyi və son dərəcə böyük dəstəyi, əzmkarlığı ilə ölkəmizdə rekord vurub. Bunu statistikada göstərir. UEFA-nın azarkeşlərlə bağlı açıqladığı rəsmi hesabata əsasən, Azərbaycan Premyer Liqası azarkeşlərin faiz göstəricisinə görə birinci yerə çıxıb. Ötən mövsüm ərzində qeydə alınan 460 min tamaşaçı sayının 240 mindən çoxu “Kəpəz”in azarkeşləri idi. Hətta səfər oyunlarına gedən azarkeşlərimizi də bura əlavə etsək, bu rəqəm artar. Ona görə də fanatların fikirlərini öyrənmək həmişə bizim üçün vacibdir. Bu dəfə də görüş çox maraqlı keçdi. Onların hər birinin dediyi fikirləri, iradları, narazılıqları təbii ki, nəzərə alacağıq. Azarkeşlərimizə də komandaya bu cür dəstək göstərdikləri üçün təşəkkürümüzü bildiririk. Onların hər birini sona kimi komandaya dəstək olmağa çağırırıq. Onsuz da hər ev oyunundan əvvəl sonuncu məşqdən öncə biz azarkeşlərlə mütəmadi görüşürük. Ancaq çalışacağıq ki, belə geniş əhatəli görüşlər tez-tez olsun. Azarkeşlərin fikirlərini, düşüncələrini öyrənmək bizim üçün vacibdir”.

 

 

 

 

 


14.02.2017 16:29

Axırıncı xəbərlər →

Son oyun

18/03/2017 - 16:00

Kəpəz
1:0

Sumqayıt
Gəncə şəhər stadionu

Növbəti oyun

02/04/2017 (All day)

Qarabağ
-:-

Kəpəz
.