“Xoruz ili”ndə doğulanlar 2017-ci ildən nə gözləyir? 


2017-ci il şərq təqviminə görə “Xoruz ili”dir. “Kəpəz”in əsas komandasında bu ildə doğulan dörd futbolçu var. Söhbət Tural Rzayev, Vüqar Bəybalayev, Tural Qürbətov və Kərim Diniyevdən gedir. Onların hamısının təvəllüdü 1993-cü ildir. Demək, qarşıdan gələn 2017-ci il bu oyunçuların ili olacaq. 

kapazpfc.az saytı olaraq adları çəkilənlərdən 2017-ci illə bağlı arzularını öyrəndik. 

Tural Rzayev: “Əvvəlcə hamını bayramlar münasibəti ilə təbrik edirəm, qarşıdan gələn 2017-ci ilin uğurlu, düşərli illərdən olacağını gözləyirəm. Qoy “Xoruz ili” tək mənim yox, həm də “Kəpəz”imiz üçün ən yadda qalan illərdən olsun. Çox ümid edirəm ki, belə də olacaq. Özümə ilk növbədə cansağlığı arzulayıram. Əsas olan budur. Karyeramın uğurlu alınmasını, böyük nəaliyyətlər qazanmağı istəyirəm. Yeni ili Gəncədə, evimizdə qeyd edəcəyəm. Çempionatla bağlı uzun müddət idi ki, evdə ola bilmirdim. İndi bunun əvəzini çıxmağın vaxtıdır”.     

Vüqar Bəybalayev: “2017-ci il hamınız üçün yaxşı illərdən biri olsun, özü ilə bol ruzi-bərəkət, xoşbəxtlik gətirsin. İnşallah, “Kəpəz” üçün də uğurlu illərdən biri olar. Yenidən Avroliqaya vəsiqə qazanmağımızı istəyirəm. Bunun üçün də yaxşı nəticələr göstərməliyik, qələbələr qazanmalıyıq. Çempionatın ilk yarısından fərqli olaraq ikinci hissəsində komandamızın adına daha layiqli şəkildə mübarizə aparmalıyıq. Belə də olacağına inanıram. Kollektivimizin buna catacaq gücü var. Mütləq ötən mövsümdəki uğurlu çıxışın ardını gətirməliyik. Sözün düzü, mən arzu ilə deyil, məqsədlə yaşayan adamam. Qarşıma məqsəd qoymuşam və ona doğru addımlayıram”.

Tural Qürbətov: “Arzular çoxdur, insan həmişə arzularla yaşayır. Bu da yaxşıdır. Yeni ildə komandanın əsas heyətinə düşməyə çalışacağam. Bunun üçün də daha ciddi hazırlaşmalı, baş məşqçimiz Şahin Diniyevin gözləntilərini həyata keçirməliyəm. Şahin müəllimin ümidlərini doğrultmaq əsas arzumdur. “Kəpəz”ə elə-belə gəlmədiyimi göstərmək istəyirəm. Düzü, yola saldığımız il mənim üçün düşərli olmadı. Cari futbol mövsümünün ilk yarısında cəmi bir dəfə fərqlənə bildim, onda da kubok matçında qol vurdum. 2017-ci ildə daha çox fərqlənməyi, oynamağı arzulayıram”.   

Kərim Diniyev: “Mövsümün yekunlarına əsasən, qarşıdakı ildə komandamızın uğurlu nəticəyə imza atacağını gözləyirəm. 2017-ci il öz ilim olduğu üçün karyeramın daha yaxşı alınacağına ümid edirəm. Hər şeyin ürəyimcə olmasını diləyirəm. Əslində “Xoruz ili” mənim ilim olsa da, belə şeylərə inanmıram. Hər şey Allahın qismətidir. Amma hər halda bu əlavə bir motivasiyadır. Məqsədlərimə nail olmaq üçün daha çox çalışmalıyam. 2016-cı il mənə görə uğurlu alındı. “Kəpəz” Avroliqaya vəsiqə qazandı və klub tarixində ilk dəfə mərhələ adladı, özü də komandamız səfərdə qazandığı nəticə ilə buna nail oldu. Bundan başqa oğlum dünyaya gəldi, böyük sevinc yaşadım. Şaxta babadan heç nə istəmirəm, uşaqlıqda bir arzumu yerinə yetirmədi deyə incidim (gülür). Allahdan xalqımız üçün xoş günlər arzulayıram”.

 

 


30.12.2016 21:11

Axırıncı xəbərlər →

Son oyun

14/10/2017 - 16:00

Zirə
3:0

Kəpəz
Zirə İdman Kompleksinin stadionu

Növbəti oyun

21/10/2017 - 15:00

Kəpəz
-:-

Neftçi
Gəncə şəhər stadionu