50 il öncə tarix yazanlar


 

Xəbər verdiyimiz kimi, Sovet dövründə “Dinamo” Kirovabadın SSRİ Çempionatının Yüksək Liqasına vəsiqə qazanmasından 50 il ötür. Bu tarixi hadisənin 50 illik yubileyi münasibətilə kapazpfc.az saytının əməkdaşları böyük qələbənin memarları ilə görüşüb. Gəncədə yaşayan veteranlar Müzəffər Qasımov, Zakir Süleymanov və Nurəddin Əliyev tarixi hadisə ilə bağlı xatirələrini bizimlə bölüşüblər.

 

Zakir Süleymanov (“Dinamo” Kirovabadın veteran qapıçısı): “Heç elə bil 50 il keçməyib, sanki hamısı dünən olub. Yadda qalan, unudulmayacaq çox şey var. 1967-ci ildə çempionat gərgin keçdi. Keçid oyunlarında göstərdiyimiz mübarizə bizi rəqiblərimizdən önə çıxardı. Kiyev OİK-i ilə səfərdə keçirdiyimiz görüş həlledici oldu. Hərbi hissədə oynadıq. Qələbə qazanıb “Şaxtyor” ilə xallarımızın sayını bərabərləşdirdik. Həmin gecə bizim yaddaşımızda dərin iz buraxdı. “Dinamo”nun SSRİ Çempionatının Yüksək Liqasına vəsiqə qazanması Azərbaycan futbolunun qələbəsi idi. Fəxr edirik ki, adımız tarixə düşdü. Sevincimizin həddi-hüdudu yox idi. Biz ilk və yeganə Azərbaycan komandası olaraq 2 il ərzində B liqasına yüksəlib oradan A dəstəsinə keçdik. Azarkeşlər, şəhər rəhbərliyi arxamızda idi. Onların da dəstəyi nəticəsində arzumuza çatdıq”.

 

Nurəddin Əliyev (“Dinamo” Kirovabadın veteran hücumçusu): “Komandaya düşəndə cavan oğlan idim, cəmi 17 yaşım vardı. Əsas heyətdə çıxış edirdim. Komandada yer alanların əksəriyyəti məndən 8-10 yaş böyük idilər. Amma mənə inanırdılar, etimad göstərirdilər, mən də nə bacarırdımsa, “Dinamo” üçün edirdim. Hücumçu kimi üzərimə düşən işin öhdəsindən gəlməyə, qollar vurmağa çalışırdım. Düşünürəm ki, məndə alınırdı. Əgər belə olmasaydı, yəqin ki, Yüksək Liqaya vəsiqə qazana bilməzdik. Bu uğurda hamının əziyyəti var. Mənim üçün bir neçə oyun var ki, sıradan deyil. Belə matçlardan ən yadda qalanı “Terek” ilə qarşılaşma olub. Əsas komandaların oyunundan bir gün öncə əvəzedicilərin görüşündə bir hissə meydanda olub iki qol vurdum. Bu görüşün səhəri əsas komandaların qarşılaşmasında da çıxış etdim. Həmin oyunda da Qroznı komandasının qapısından iki top keçirdim”.

 

Müzəffər Qasımov (“Dinamo” Kirovabadın veteran kapitanı): “Nəticə həmişə tarixdə qalır. “Dinamo”nun SSRİ Çempionatının elitasına vəsiqə alması Gəncəmiz üçün böyük uğurdur. Bu, Gəncə futbolunun gücünü, potensialını göstərir. Bununla fəxr edirik. “Dinamo”nun uğurunda həlledici oyun Kiyevdə oldu. Zona qaliblərinin görüşləri çərçivəsində onlarla üz-üzə gəlirdik. Oyunun önəmi böyük idi. Komanda səfərdən qələbəsiz dönəcəyi halda vəsiqədən əlini üzəcəkdi. Qarşılaşmanın sonuncu dəqiqəsində hesab 2:2 olarkən ev sahiblərinin qapısına 11 metrlik təyin olundu. Belə zərbələri həmişə ya mən vururdum, ya da ki, Kazmin. Amma o, üzünü tutub getdi. Son nəticədə zərbəni yerinə yetirmək üçün məsuliyyəti öz üzərimə götürməli oldum. Hədəfdən yayınmadım və səfərdə 3:2 hesabı ilə qalib gəldik. Bu qol “Dinamo”ya mübarizəni sona kimi davam etdirmək imkanı verdi”.  

 

 


01.12.2017 19:28

Axırıncı xəbərlər →

Son oyun

25/11/2017 - 14:30

Kəpəz
1:6

Qəbələ
Gəncə şəhər stadionu

Növbəti oyun

11/02/2018 (All day)

Neftçi
-:-

Kəpəz
.