Azər Məmmədov əvəzedicilərin çempionatının ilk yarısını dəyərləndirdi


Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında “Kəpəz” ilk 2 dövrənin yekunlarına əsasən, qış fasiləsinə 6-cı pillədə yollanıb. Azər Məmmədovun başçılıq etdiyi komandanın 13 xalı var. 3 oyunda qələbə qazanan əvəzedicilər 4 dəfə heç-heçə edib və 7 görüşdə uduzub. Komanda rəqib qapılarına 13 qol vuraraq, 20-ni buraxıb. 

“Sarı-göylər”in baş məşqçisi kapazpfc.az saytına birinciliyin ilk yarısını dəyərləndirərək, bunları deyib: “Çempionatın ilk yarısını 6-cı yerdə başa vurmağımıza baxmayaraq, uşaqların göstərdiyi oyundan, mübarizə əzmindən və nizam-intizamdan çox razı qaldım. Bizdə komandada çıxış edənlərin hamısı yerli futbolçulardır, kənardan gələn yoxdur. Özünüz də bilirsiz ki, əvəzedici üçün Gəncədə oyunçu tapmaq indi müşkül məsələdir. Bununla belə, məqsədimizə çatmaq üçün çalışırıq. Uşaqların çıxışı əsas komandanın baş məşqçisinin də diqqətini çəkib. Bu da sevindirici haldır. Şahin Diniyev gələcəkdə əsas komandada 7 futbolçunun oynaya biləcəyini bildirib. Bizim də qazancımız əlbəttə ki, budur. Nəticəyə gəlincə, təbii ki, hamı bunun yaxşı olmasını arzulayır. Hələ qarşıda 2 dövrə var, bu isə 14 oyun deməkdir. Nəticəni yaxşılaşdırmağa çalışacağıq. Ön xəttdə problemlərimiz var. Yarımmüdafiənin hər iki cinahında və hücumdakı boşluqları aradan qaldırmağa səy göstərəcəyik. Bunun öhdəsindən gəlsək, nəticə də olacaq. 

Azər Məmmədov ilk 2 dövrədə nəticəsini unuda bilmədiyi oyundan da danışıb: “Nəticəsinə təəssüfləndiyim, heç yadımdan çıxmayacaq oyun “Qarabağ”la səfər görüşümüz oldu. 83-cü dəqiqəyə kimi 0:1 hesabı ilə irəlidə olsaq da, yekunda uduzduq. Həmin görüşü bizim komanda udmağa layiq idi. Həm hesabda, həm də göstərdiyimiz oyunda rəqibdən üstün idik. Əfsuslar olsun ki, Namiq Ələsgərovun vurduğu iki qol hər şeyi dəyişdi. Millinin üzvü əvvəlcə hesabı bərabərləşdirdi, sonuncu artırma dəqiqəsində isə ağdamlıları qələbəyə daşıdı. Onun ikinci qolundan əvvəl hakim oyunu bitirməyə hazırlaşırdı ki, bizim oyunçunun təcrübəsizlikdən irəli gələn qayda pozuntusu penalti ilə nəticələndi. Bu oyunda qeydə alınan nəticəyə görə üzülürəm. Oyunu biz udmalıydıq, amma uduzduq”. 
 


07.01.2017 11:40

Axırıncı xəbərlər →

Son oyun

16/04/2017 - 16:00

Kəpəz
2:0

Qəbələ
Gəncə şəhər stadionu

Növbəti oyun

23/04/2017 - 17:00

AZAL
-:-

Kəpəz
AZAL Arena