Fuad İsmayılov – 60!


Tanınmış futbol məşqçisi, təcrübəli mütəxəssis Fuad İsmayılovun 60 yaşı tamam olur. Doğma komandası “Kəpəz”ə həmişə bağlılığı ilə seçilən İsmayılov futbolçu (1977-81) və məşqçi karyerasına da Gəncə klubunda başlayıb. Zədə səbəbindən oyunçu karyerasını tez başa vurmalı olan Fuad müəllim 1982-ci ildən məşqçilik fəaliyyətinə start verib. O, müxtəlif illərdə klubun ayrı-ayrı yaş qrupları üzrə komandalarının, əvəzedici heyətin, həmçinin əsas komandanın baş məşqçisi olub. “Kəpəz”dən başqa Qusarın “Şahdağ” klubunda işləyib.

 

İsmayılov Azərbaycan futboluna 10-larla oyunçu yetişdirib. Onun məşq bölməsindən Faiq Cabbarov, Firuz Qulami, Azər Məmmədov, Xaliq Mərdanov, Vasif Vəliyev, İbrahim Hüseynov, Tariyel Hüseynov, Xəyal Zeynalov, Səbuhi və Mətləb Məmmədovlar kimi futbolçular çıxıb. Bu gün də Gəncə futboluna, “Kəpəz”ə xidmət edən Fuad İsmayılov sevimli klubunun U-14 komandasında çalışır, yeni-yeni istedadlar yetişdirməkdə davam edir.    

 

Doğum günü ilə bağlı kapazpfc.az saytı yubilyardan açıqlama alıb: “Təbrikə görə minnətdaram. Bu yaşda özümü cavan hiss edirəm. Çünki uşaqlarla işləyirəm, onlar adamı qocalmağa qoymaz (gülür). Hamımızın məqsədi həmişə Azərbaycan, Gəncə futboluna xidmət etməkdir. Maksimum güc sərf etməklə “Kəpəz”in əvvəlki əzəmətini, şöhrətini özünə qaytarmaq istəyirik, bütün səylərimiz buna yönəlib. Komandanın heyətində öncəki illərdə olduğu kimi yenə gəncəli futbolçuların çox olması üçün yorulmadan çalışırıq. Yaxşı uşaqlar var, həm bizim klubumuzda, həm də yerli idman məktəblərində. Şəraitimiz daha yaxşı olduqca, klubumuzdan daha çox güclü oyunçular çıxacaq. Getdikcə işlərimiz yaxşılaşır, gələcəkdə yəqin ki, lap yaxşı olacaq”.   

   

Sonda “Kəpəz” PFK-nın kollektivi 60 illik yubileyi münasibəti ilə Fuad İsmayılovu təbrik edir, məşqçilik fəaliyyətində uğurlar arzulayır.

 

Təbriklər, Fuad İsmayılov! 

 


12.05.2017 13:03

Axırıncı xəbərlər →

Son oyun

14/10/2017 - 16:00

Zirə
3:0

Kəpəz
Zirə İdman Kompleksinin stadionu

Növbəti oyun

21/10/2017 - 15:00

Kəpəz
-:-

Neftçi
Gəncə şəhər stadionu