Samir Zərgərov: “Bu cür azarkeşləri olan komandaya autsayderlik yaraşmır” 


“Kəpəz”in yeni transferi Samir Zərgərovun kapazpfc.az saytına müsahibəsi.

 

- Samir, əvvəlcə Türkiyə toplanışı haqda fikirlərini öyrənmək istərdik. Hazırlıq necə keçdi? 

Çox şükür ki, yaxşı hazırlaşa bildik. Məşqçilər korpusunun tərtib etdiyi plan üzrə məşq etdik. Yoxlama matçlarında gücümüzü sınadıq. Belə görüşlərin nəticəsi önəmli deyil, əsas olan hazırlıq səviyyəsini yüksəltməkdir. 

- Gəncəyə yaxın olan Göygöl rayonunda yaşayırsan. “Kəpəz”ə üstünlük verməyində bu amil də rol oynayıb?

Əvvəlcə onu deyim ki, bu, mənim “Kəpəz”ə ikinci qayıdışımdır. Müqayisə etsək, klubda çox dəyişikliklər olub. Həmin dövrdən heyətdə bir futbolçu belə qalmayıb. Komandaya birinci gəlişim uğurlu alınmışdı, inşallah, bu dəfə ondan da yaxşı olar. Hər halda belə olmasını arzulayıram. Suala gəlincə, “Kəpəz” kimi Gəncə də mənə əziz, doğma yerdir. Seçimimdə bu da rol oynadı. Komandanın güclü fanat ordusu var. Əlimizdən gələnin ən yaxşısını edib onları sevindirməyə çalışacağıq. Turnir cədvəlində sonuncu olsaq da, qış fasiləsindən sonra vəziyyəti düzəltməliyik. Autsayder mövqeyində qurtulub yaxşı yerlər uğrunda mübarizə aparacağıq.    

- “Kəpəz” kimi rəqiblər də güclənirlər. Yəqin ki, asan olmayacaq. 

Razıyam ki, bizim kimi bütün klublar da heyətini gücləndirmək yolunda addımlar atırlar. “Kəpəz” yeni transferlərlə iddiasını ortaya qoyub, demək olar ki, komanda yenidən qurulub. Məncə, çempionatda zəif komanda olmayacaq. Kollektiv olaraq üzərimizə düşən vəzifə nəticələri yaxşılaşdırmaqla sonuncu pillədən qurtulmaqdır.

- Bunun üçün nə etmək lazımdır? 

Səylə məşq etmək, ciddi şəkildə hazırlaşmaq lazımdır ki, bizdə bunu Antalyada etdik. İndi oyunlarda mübarizə keyfiyyətlərini ən yaxşı şəkildə ortaya qoymalıyıq. Bundan əlavə hər bir futbolçu harada oynamasını başa düşməlidir. Bu klubun adı, tarixi, titulları var. Hazırda tutduğu yer “Kəpəz”in adına uyğun deyil. Xüsusən də bu cür azarkeşləri olan komandaya autsayderlik yaraşmır. Gəncədə futbol çox sevilir, mən bunu oynayanda görmüşəm. Yaxşı nəticələr göstərdikcə, stadiona axın artacaq. Bizdən küsən olmayacaq. 

- Azarkeşlər səndən nə gözləsinlər? 

Əvvəl necə oynayıb diqqətləri üzərimə çəkmişdimsə, indi də elə çıxış etməyə, yenidən azarkeşlərin sevgisini qazanmağa çalışacam. Klubumuzun sonuncu yerdə qalmaması üçün əmin olsunlar ki, bütün bacarığımı ortaya qoyacam. Tək mən yox, həm də bütün komanda yoldaşlarım buna səy göstərəcək.       

- Yunis Hüseynov hücum futboluna üstünlük verən məşqçidir. Yarımmüdafiəçi mövqeyində çıxış etdiyindən buna uyğun taktika ilə oynamaq sənin də üzərinə böyük yük qoyacaq. Hazırsan?

Bəli, mübarizəyə hazıram. Bunu göz önünə alaraq bura gəlmişəmBoş yerə deməyiblər ki, ən yaxşı müdafiə elə hücumdur. Yunis müəllim Antalya toplanışında müvafiq taktiki gedişləri bizə başa saldı. Onun tapşırıqları üzərində işlədik və çempionat oyunlarında üzərimizə düşəni edəcəyik. Hansı komandaya qarşı necə oynacağımızı zaman göstərəcək.  

 

 


03.02.2018 16:02

Axırıncı xəbərlər →

Son oyun

18/02/2018 - 15:00

Kəpəz
0:1

Keşlə
Gəncə şəhər stadionu

Növbəti oyun

25/02/2018 - 18:00

Qarabağ
-:-

Kəpəz
Azersun Arena