Yusif Cəfərov: “Daim dəvət almaq üçün klubumda da müntəzəm oynamalıyam”


“Yığmaya çağırılmağımın Yeni il hədiyyəsi olduğunu deyə bilmərəm. Çünki dəvəti gözləyirdim. Bunu sevinclə qarşıladım”. Bu sözlər “Kəpəz”in əsas komandasının oyunçusu Yusif Cəfərova məxsusdur. 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasına dəvət alan gənc müdafiəçi bununla bağlı kapazpfc.az saytına açıqlama verib. O, etimadı doğrultmağa çalışacağını deyib: “Milliyə çağırılmaq hər bir futbolçu üçün şərəfdir. Mənim üçün bu komandanın bir hissəsi olmaq qürurvericidir. Ona görə də dəvətə görə məşqçilərə təşəkkür edirəm. Bundan sonra üzərimə düşən iş ümidləri boşa verməmək, yaradılan şansdan lazımınca istifadə etməkdir. Məşq proseslərində əlimdən gələni edəcəm”.

Onu da əlavə edək ki, Yusif ilk dəfə U-21-ə çağırılıb: “Bundan öncə aşağı yaş qrupları üzrə milli komandalarında şərəfini qorumuşam. Pillə-pillə irəliləyib indi də 21 yaşlılardan ibarət komandaya yüksəlmişəm. Daim dəvət almaq üçün klubumda da müntəzəm çıxış etməliyəm. Oynamaq üçün uyğun yaşdayam. “Kəpəz”in əsas heyətində möhkəmlənmək istəyirəm. Əsas odur ki, mənə güvənirlər və mən də özümü sübut etmək niyyətilə məşqlərdə səylə hazırlaşacam”.

Yeri gəlmişkən, Yusif Cəfərovla yanaşı 21 yaşlıların yığmasına “Kəpəz”in daha bir futbolçusu İlyas Səfərzadə də dəvət olunub.

Qeyd edək ki, Azərbaycan yığması yanvarın 9-dan 27-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirəcək. 

 


09.01.2018 11:25

Axırıncı xəbərlər →

Son oyun

25/11/2017 - 14:30

Kəpəz
1:6

Qəbələ
Gəncə şəhər stadionu

Növbəti oyun

11/02/2018 (All day)

Neftçi
-:-

Kəpəz
.