Adil Şükürov: “Komanda istəkli olmalıdı ki, elitada qalmağı qarantiləyə bilək”

26 mart 2024

Komandamızın baş məşqçisi Adil Şükürov klubun mətbuat xidmətinə müsahibə verib. kapazpfc.az saytı həmin müsahibəni təqdim edir.

 

- Adil müəllim, 3-cü dövrənin yekunlarını komandamız üçün necə qiymətləndirirsiz?

 

- “Kəpəz” bu  dövrədə  komanda olaraq  inamlı  çıxış  etdi. Deyərəm ki, bütün  futbolçular  hər  oyuna  maksimum şəkildə istəkli  yanaşdılar. İstər oyunçular, istərsə də İdarə Heyətinin sədri İlqar Nadiri başda olmaqla klub rəhbərliyi, futbol veteranları, azarkeşlər birlikdə olaraq “Kəpəz”in uğurları üçün hər şey ediblər. Birgə fəaliyyətimiz indi də davam edir.

 

- Bizi qarşıda sonuncu dövrə gözləyir. Çətin oyunlara komanda hazırdı?

 

- 4-cü  dövrədə  bizi   daha  ağır  mübarizə  gözləyir. Çünki sonuncu dövrədə turnir  cədvəlində bizdən  yuxarıda  olan  komandalar  qitəmiqyaslı turnirlərə vəsiqə qazanmaq üçün gərgin mübarizə aparacaq. Digər klublar isə  Premyer  Liqada  qalmaq  uğrunda oynayırlar. Bu mərhələdə  komandamız  çalışıb  maksimum  xal  toplamalıdır. Fikrimcə, komanda istəkli olmalıdı ki, elitada qalmağı qarantiləyə bilək.

 

- Geriyə boylananda hansı oyunun nəticəsi sizin üçün daha yaddaqalan olub?

 

- Komandada olduğum gündən bütün oyunlar yüksək  dinamikada  keçib və bu, məni  çox  sevindirir. Buna görə futbolçulara təşəkkür etmək  istəyirəm. Həqiqətən oyunçular  böyük  işin  öhdəsindən gəldilər. Daha çox  yaddaqalan oyun isə “Neftçi” ilə Tovuzda qarşılaşdığımız və 3:3 hesabı ilə başa çatan matç olub. Oyun mübarizəli və bolqollu alındı. Baxımlı qollar vurduq.


- Mətbuatda bəzən filan futbolçunun komandadan gedəcəyi, əksinə gələn mövsüm kiminsə heyətə qosulacağı barədə yazılar gedir. Buna münasibətiniz?


- Komanda  sonuncu dövrədə çempionatda  ən  çox  xal  toplayan 3-cü  kollektiv  olub. Bu  komandaya, heyətə daha  da  çox  inanmaq və  güvənmək lazımdır. İnşaallah, bizim futbolçularımız gələcəkdə daha da yaxşı ola  bilərlər.


- Adil müəllim, demək olarmı ki, hər addımda azarkeşlərin və  klub rəhbərliyinin dəstəyini hiss edirsiz?

 

- Klub  rəhbərliyinin  dəstəyi  yüksək  formadadır. İlqar  müəllim komandanı lazımı səviyyədə motivasiya  etmək  üçün mümkün bütün imkanlarından  istifadə  edir. Eləcə də azarkeşlərimizi qeyd etmək istərdim. Komanda oyunlara çıxarkən fanatlarımızın verdiyi dəstək uşaqları yüksək səviyyədə oyunlara kökləyir. Bundan əlavə hətta məşqlərə  çıxarkən  onların  bizim  yanımızda  olması futbolçulara ruh yüksəkliyi verir.  

 

- Sirr deyilsə, komandanı siz özünüz necə oyunlara motivasiya edirsiz?

 

- “Kəpəz” sıradan  olan  bir  komanda  deyil. Bu klubun  tarixi, özünəməxsus ənənəsi, nailiyyətləri olub. Son nəticələrdən sonra futbolçular şəhərdə gəzərkən insanların  onlara  olan  yanaşmasını, münasibətini bir daha görüblər. Ona görə əlavə nəsə danışmağa ehtiyac yoxdur. 

Ana səhifəyə geri dön