Akademiyanın üzvlərinə seminarlar keçirilib

27 mart 2024

Klubumuzun 15, 16, 17 və 19 yaşlılardan ibarət komandalarının futbolçularına seminarlar keçirilib. Akademiyada reallaşan seminarlarda antidopinq, iqrçilik və oyun qaydaları ilə bağlı mövzulardan bəhs olunub.

Antidopinq qaydaları ilə bağlı keçirilən seminarlarda idmançılar tərəfindən dopinqdən istifadə edilməsinin yolverilməz olduğu və bunun onların sağlamlığına mənfi təsir etdiyi qeyd olunub. Ədalətli oyun prinsipinin pozulduğu diqqətə çatdırılıb. Dopinqin idmanın gələcəyi üçün doğura biləcəyi acı nəticələrdən danışılıb. Qanunvericiliyə uyğun olaraq, idmanda dopinqə qarşı mübarizə aparmaq məqsədilə müvafiq qaydalara riayət edilməli olduğu diqqətə çatdırılıb.

Ekspertlər tərəfindən seminarlarda irqçiliyə qarşı mübarizə tədbirlərindən də danışılıb. Komandaların oyunçularına irqçiliklə bağlı məlumatlar verilib. İrqçi davranışların, şüarların bütün hallarda yanlış olduğu bildirilib. Komanda yoldaşlarına və rəqibə qarşı hörmətsizlik, hər hansı etnik mənşəli şəxsi tənqid etməyin düzgün olmadığı vurğulanıb. İrqçi münasibətlər, şərhlər və ya zarafatların komanda üzvünə və ya rəqibə ünvanlamasından asılı olmayaraq yanlış və yolverilməz olduğu bildirilib. Kobud rəftarın futbolun nüfüzuna xələl gətirdiyi izah edilib.

Akademiya üzvləri üçün oyun qaydaları ilə bağlı seminarlarda futbolçuların meydandakı ümumi davranışına diqqət çəkilib, nizam-intizamdan söhbət açılıb. Hakim qərarlarına etirazlar, simulyasiya epizodları, düşüncəsiz qayda pozuntuları, ofsayd vəziyyətləri ilə bağlı fikir mübadiləsi aparılıb, sual-cavab edilib. Çempionat oyunlarından mübahisəli epizodlar görüntülü şəkildə müzakirəyə çıxarılıb.

 Seminarlarda hər 3 mövzu ilə bağlı videoçarxlar nümayiş olunub.  

Ana səhifəyə geri dön