Ətraf mühitin mühafizəsi diqqət mərkəzindədir

03 aprel 2024

Ətraf mühitin mühafizəsi ilə bağlı klubumuz tərəfindən daim müxtəlif sosial layihələr həyata keçirilir. Bu yöndə növbəti aksiya çərçivəsində komandamızın futbolçularının iştirakı ilə Heydər Əliyev Park Kompleksində iməclik təşkil olunub. Oyunçular müvafiq ərazidə ağacların dibini belləyib, zərərverici həşaratlara qarşı gövdələri əhəngləyiblər. İməclikdə yaşıllıqlara aqrotexniki qulluq göstərilib.

 

Gəncədə yerləşən və dünyanın 5 ən böyük parkı arasında göstərilən kompleksin ümumi sahəsi 450 hektardır. Ərazidə 350 mindən çox müxtəlif növə aid ağac və bəzək bitkisi əkilib. Nəhəng park-kompleksi ilin bütün fəsillərində hər zaman cəlbedicidir. Payızda da, qışda da bahar ömrü yaşayan və şəhərimizin simvolu sayılan çinar ağaclarının ən nadir növləri parka xüsusi əzəmət verir.

Ana səhifəyə geri dön