Klub haqqında

Klubun adı “Kəpəz” Peşəkar Futbol Klubu

Yaranma tarixi 1959-cu il
Rəngləri sarı-göy
Ləqəbi Yenilməz armada, dağlılar
Stadionu Gəncə şəhər stadionu
İdarə Heyətinin sədri İlqar Nadiri
Baş məşqçisi Adil Şükürov
Rəsmi vebsaytı www.kapazpfc.az


“Kəpəz” Peşəkar Futbol Klubu Gəncə şəhərini təmsil edir. Klubun
əsası 1959-cu ildə qoyulub. “Kəpəz”in çıxışını iki dövrə - Sovet və
ölkəmizin müstəqillik əldə etdikdən sonrakı vaxtlara bölmək olar.
Sovet dönəmində komanda SSRİ birinciliyində çıxış edib, bir sıra
nailiyyətlərə imza atıb. Ümumiyyətlə, “sarı-göylər”in əsas uğurlu
çıxışı milli çempionatlara təsadüf edir.

“Kəpəz” Peşəkar Futbol Klubu İctimai Birlik statusunda fəaliyyət
göstərir. Klubun idarəetmə strukturu İdarə Heyəti əsasında formalaşıb.
2022-ci ildə yaradılan İdarə Heyətinə üzvlərin yekdil qərarı ilə İlqar
Nadiri sədr seçilib. Buna kimi klubda icraçı direktor vəzifəsini tutmuş
İlqar Nadiri 2019-cu ildən “Kəpəz”də çalışır.

İdarə Heyəti 7 nəfərdən ibarətdir.

Üzvlər:
Sədr müavini - Vasif Qafarov / klubda AFFA-nın nümayəndəsidir
Üzv - Mehman Allahverdiyev / futbol veteranı
Müşfiq Cəfərov / millət vəkili
Müzadil Həsənov / “Cavad xan” Tarix və Mədəniyyət Fondunun
vitse-prezidenti
Zəfər Məmmədov / Zəfəroğlu inşaat şirkətinin rəhbəri
Həmid Nəsirov / hüquqşünas

AFFA İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyaları
İctimai Birliyinin prezidenti İsgəndər Cavadov Gəncə futbolunun
kuratoru kimi klubun fəaliyyətinə dəstək verir.

Gəncə futbolunun yaşı təxminən bir əsrdən çoxdur. Hələ ötən əsrin
əvvəllərində şəhərdə bu idman növünə olan maraq müxtəlif zavod və
fabriklərinin idman cəmiyyətlərinin tərkibində komandaların
yaranmasına gətirib çıxarıb. O dövrdəki kollektivlər şəhər birinciliyində
və müxtəlif spartakiadalarda oynayıblar. Zaman ötdükcə bu
komandaların fəaliyyəti həvəskar statusundan irəliləməyə başlayıb.
1928-ci ildə keçirilən futbol üzrə ilk Azərbaycan çempionatında səkkiz
komanda iştirak edib ki, bu kollektivlərdən biri də Gəncəni təmsil edən
“Temp” olub. Bu komanda Azərbaycan Kuboku yarışlarında da
qüvvəsini sınayıb.

Gəncədə ilk peşəkar klubun yaranması isə ötən əsrin 50-ci illərinin
sonuna təsadüf edir. Həmin illərdə SSRİ Futbol Federasiyası ikinci
dəstədə klubların sayını artırmağı qərar almışdı. Azərbaycan SSR
Bədən tərbiyəsi və İdman Komitəsi 1958-ci ölkənin ikinci böyük
şəhərində futbol klubunun yaradılması haqqında qərar qəbul etdi.
Beləcə 1959-cu ilin ilk ayında “Toxucu” (Kirovabad Toxuculuq
Kombinatının tərkibində) yaradıldı və SSRİ birinciliyinin “B” sinfinin 3-
cü zonasında mübarizəyə başladı. Sonra yerli milisin himayəsinə
keçən klubun adı dəyişdirilib “Dinamo” qoyuldu. 1962-ci ildə bu
komanda “Neftçi” və Kiyev “Dinamo”suna qalib gələrək SSRİ
Kubokunun 1/4 final mərhələsinə çıxmaqla şəhərin nüfuzunu Sovet
məkanında artırdı. Komanda daha da tanınmağa başladı.1965-ci ildə
komanda “Dinamo” adı altında SSRİ çempionatının birinci, 2 il sonra
isə Yüksək dəstəsinə vəsiqə qazandı. O vaxtkı adı ilə desək,
Kirovabad kimi şəhərin SSRİ çempionatının elitasına çıxması ittifaq
məkanında böyük əks-səda yaratmışdı. Bu sadalananlar klubun
keçmiş Sovet dövründə qazandığı uğurlardandır.

Azərbaycan müstəqillik qazandıqdan sonra Gəncədə futbol yeni
inkişaf dövrünə qədəm qoydu. “Kəpəz” klub tarixində ən böyük
uğurlarını da məhz milli çempionatda qazanıb. Komanda 3 dəfə qızıl
medallara layiq görülüb, 4 dəfə Azərbaycan kubokunu doğma
Gəncəyə gətirib. “Kəpəz” Çempionlar Liqası və UEFA Kuboku kimi
qitənin ən nüfuzlu klub turnirlərində, Müstəqil Dövlətlər Birliyinin “Birlik
Kuboku” kimi mötəbər yarışında iştirak edib.

Komandanın müxtəlif vaxtlarda daşıdığı adlar:
1959-1962 Toxucu (Kirovabad)
1962-1974 Dinamo (Kirovabad)
1975-1981 Tərəqqi (Kirovabad)
1982-1988 Kəpəz (Gəncə)
1989-1991 Dinamo (Gəncə)
1992-2005 Kəpəz (Gəncə)
2005-2011 Gəncə
2011- Kəpəz

Uğurları:
Futbol üzrə SSRİ ikinci dəstə:
Çempion (1) — 1965
Futbol üzrə SSRİ birinci dəstə:
Çempion (1) — 1967

Azərbaycan çempionatı:
Çempion (3) — 1994/1995, 1997/1998, 1998/1999
Gümüş mükafatçı (1) — 1999/2000
Bürünc mükafatçı (2) — 1993/1994, 1995/1996
Azərbaycan Kuboku:
Qalib (4) — 1993/1994, 1996/1997, 1997/1998, 1999/2000
Azərbaycan Birinci Divizionu:
Çempion (1) — 2009/10

Milli çempionatlar tarixində “Kəpəz”i 15 məşqçi çalışdırıb. Onların
arasında Mehman Allahverdiyev ən uğurlusu sayılır. Komandanın
bütün titulları onun rəhbərliyi dövründə qazanılıb. Hazırda Adil
Şükürov komandanın sükanı arxasındadır. Şükürov futbolçu kimi “sarı-

göylər”in heyətində Azərbaycan Kubokunu başı üzərinə qaldırıb,
çempionatın gümüş medalını boynundan asdırıb.

“Kəpəz”ə bağlı ilklər...
“Kəpəz” qitəmiqyaslı turnirlərdə 1995-ci ildə debüt edib. Gəncə klubu
o vaxtkı adı ilə desək UEFA Kubokunda mübarizə aparıb.
Komandanın avrokuboklarda ilk rəqibi “Austria” Vyana (Avstriya) olub.
“Kəpəz”in avrokuboklarda ilk qolunu Yadigar Süleymanov vurub.
Hücumçu “Austria” Vyana ilə səfər görüşündə fərqlənib.
Süleymanovun qolu həm də Azərbaycan klublarının qitə turnirlərində
ilk qolu kimi tarixə düşüb.
“Kəpəz” avrokuboklarda Gəncədə ilk ev oyununu 1997-ci ildə keçirib.
Buna kimi “Sumqayıt”da oynamış “sarı-göylər” UEFA Kuboklar
Kubokunda Latviyanın “Dinaburq” klubunu Gəncə şəhər stadionunda
qəbul edib.
“Kəpəz” UEFA Çempionlar Liqasında qələbə qazanan ilk Azərbaycan
klubudur. 1999-cu ildə Nizami yurdunun təmsilçisi Bakıda Şimali
Makedoniyanın “Sloqa Yuqomaqnat” klubunu 2:1 hesabı ilə məğlub
edib.
“Kəpəz” Azərbaycan futbolunda məğlub olmadan qızıl medalları
qazanan yeganə komandadır. 1997/1998-ci illər mövsümündə
komanda həm də yenilgisiz Azərbaycan Kubokunun qalibi olmaqla
“qızıl dubl” edib.
“Kəpəz” Azərbaycan futbolunda ən böyük azarkeş ordusuna malik
klubdur. Gəncə təmsilçisi çempionat oyunlarında tamaşaçı sayına
görə özünəməxsus rekordları yeniləməklə öyünür. 2015/2016-cı illər
mövsümündə “sarı-göylər” 18 ev oyununda tribunalara 240 650
tamaşaçı toplayıb ki, bu da rekord nəticədir. Həmin mövsümdə
“Kəpəz” – “Qarabağ” matçını 20 400 nəfər izləyib. Bu rəqəm hələ ki,
Azərbaycan çempionatında rekord göstəricidir.

“Kəpəz” ilə bağlı layihələr
62 illik tarixə malik Gəncə şəhər stadionu Azərbaycanın tamaşaçı
tutumuna görə (25.000) ən böyük klub stadionu hesab olunurdu.
“Kəpəz”in ev oyunlarını keçirdiyi arena 1962-ci ildə istifadəyə verilib.
Komanda SSRİ Çempionatının Yüksək dəstəsinə vəsiqə qazandıqdan
sonra ikinci yarus tikilib və arenanın tutumu artıb. İstismar müddətini
başa vuran və qəzalı vəziyyətdə olan stadion 2023-cü ilin sonunda
sökülüb. Azərbaycan Prezidenti İlham Əliyev Gəncə şəhər
stadionunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam
imzalayıb. Stadionun ərazisində AFFA-nın dəstəyi ilə standart ölçülü
üç meydan salınıb. Məşq Mərkəzinin tərkibində fəaliyyət
göstərən bu meydanlardan biri süni, digərləri təbii örtüklüdür.
Stadionun ərazisində Gəncə Futbol Akademiyası inşa edilib. Regionda futbolun inkişafına dəstək verəcək akademiya ən müasir standartlara uyğun olaraq inşa olunub.

Ana səhifəyə geri dön