"Kəpəz" - "Qarabağ" oyununa satılan biletlərlə bağlı açıqlama
Futbol həvəskarlarının, KİV nümayəndələrinin marağını nəzərə alaraq, noyabrın 22-də Misli Premyer Liqasının XII turu çərçivəsində keçiriləcək "Kəpəz" - "Qarabağ" oyununa biletlərin satışı ilə bağlı yaranan suallara aydınlıq gətirmək istərdik.
Bu həftəsonu Gəncə Şəhər Stadionunda gerçəkləşəcək qarşılaşma üçün "Qarabağ" klubuna qonaq komandanın istəyinə uyğun olaraq, 976 bilet ayrılıb.
Satışın ilk dəqiqələrindən etibarən fəallıq nümayiş etdirən azarkeşlər qısa vaxt ərzində bütün biletləri, o cümlədən "Qarabağ"a ayrılan kvotanı da əldə ediblər.
Ehtiyatda qalan son sektor - W-6-nın biletləri bu gün satışa buraxılıb. Günün sonuna olan məlumata əsasən, satışda cəmi 500 bilet qalıb.
Onu da qeyd etmək istərdik ki, "Kəpəz" - "Qarabağ" matçını W-6 sektorunda izləmək istəyənlər biletləri yalnız Gəncə şəhər stadionunun kassalarında ala bilərlər. Kassa sabah saat 9-dan 18-dək işləyəcək.