Azər Məmmədov: "Komandamla fəxr edirəm"

18 oktyabr 2026

"Kəpəz" klubunun baş məşqçisi Azər Məmmədov Misli Premyer Liqasının VIII turunda "Zirə"yə qarşı oyundan sonra mətbuat konfransında iştirak edib. Təcrübəli mütəxəssis çətin rəqibə qarşı görüşdə qazanılan 1 xalda azarkeş amilini xüsusi qabardıb.

 

"Öncə azarkeşlərimizə təşəkkür edirəm. Mən bir məşqçi kimi də kənardan onların dəstəyini hiss edirəm. "Kəpəz"in rəhbərliyi də bizə tam dəstək göstərir. Komandamla fəxr edirəm. Futbolçularım yaxşı iş görməyə çalışırlar. Heyətdə ciddi itkilərimiz olsa da, komanda pis təsir bağışlamadı. Bu gün çox güclü rəqibə qarşı oynadıq. Düşünürəm ki, nəticə pis deyil, 1 xal qazandıq".

 

A.Məmmədov qarşıya qoyulan hədəflərdən və planlardan danışıb: "Qarşımıza Premyer Liqada qalmaq hədəfi qoyulub. Bununla belə, mümkün qədər çox xal toplayıb, üst pillələrdə qərarlaşmaq istəyirik. Qışda bir hücumçu transfer etmək fikrimiz var. Əgər yerli oyunçu tapa bilməsək, seçimi legioner hücumçular arasında aparacağıq".

Ana səhifəyə geri dön