Mehman Allahverdiyev "Kəpəz" klubunun qonağı olub
Gəncə futbolunun əfsanəsi, "Kəpəz"in bütün uğurlarında əsas pay sahibi olan, komandaya 3 dəfə Azərbaycan çempionu titulunu, 4 dəfə ölkə kubokunu qazandıran Mehman Allahverdiyev klubumuzun qonağı olub.
Veteran futbolçumuzu səmimi qəlbdən salamlayan "Kəpəz" PFK İB-nın İdarə Heyətinin sədri Anar Abdullayev hazırda komandamızda görülən işlər, eləcə də gələcək planlar barədə məlumat verib. A.Abdullayev daima veteran futbolçulara diqqət və qayğı göstərilməsinin vacibliyini bildirib, vaxtilə "sarı-göylər"in heyətində çıxış etmiş oyunçuların həmişə "Kəpəz"in ev matçlarına dəvət edildiyini nəzərə çatdırıb.
Öz növbəsində Mehman Allahverdiyev görüşə görə minnətdarlığını bildirib. Xatirələrini bölüşən veteran futbolçu hazırda "Kəpəz"in çıxışını izlədiyini söyləyib, komandaya uğurlar arzulayıb.
Sonda qonağa xatirə hədiyyəsi bağışlanılıb.