"Əsas heyətdə Gəncə futbolunun 5 yetirməsinin yer alması sevindirici idi"
"Kəpəz"in baş məşqçisi Azər Məmmədov Azərbaycan kuboku uğrunda yarışın II təsnifat mərhələsi çərçivəsində "Baku Sportinq" üzərində 3:1 hesablı qələbədən sonra oyunla bağlı fikirlərini bildirib.
"Adətən Azərbaycan kuboku uğrunda oyunlarda azarkeş az olur. Buna rəğmən, bu gün Gəncə şəhər stadionunda komandamızı çoxlu azarkeş dəstəklədi və həmişə "Kəpəz"in yanında olduqlarını göstərdilər. Azarkeşlərə təşəkkürümü bildirirəm. Oyuna gəlincə, əvvəlki matçlarda daha az vaxt qazanan, həmçinin zədədən qayıdan futbolçulara forma geyinmək şansı verdik. Sevindirici haldır ki, əsas heyətdə Gəncə futbolunun 5 yetirməsi yer almışdı. Daha bir belə futbolçu isə ehtiyatdan mübarizəyə qoşuldu. "Baku Sportinq"də baş məşqçi dəyişikliyi olduğunu bilirdik. Fürsətdən istifadə edib Bəxtiyar Soltanovu təbrik edirəm, ona uğurlar arzulayıram. Kubok matçı adətən ağır keçir. Bizim üçün də xüsusilə birinci hissə çətin alındı. Düşünürəm ki, fasilədən sonra komandamız istədiyimiz kimi oynadı və Allahın köməkliyi ilə qalib gəldik. Uşaqları təbrik edirəm. Dörd gündən sonra Misli Premyer Liqasında "İmişli"ni qəbul edəcəyik. Bu dəqiqədən etibarən növbəti matçın hazırlığına başlayırıq"